Moskvada yeraltı kanalizasiya tunelləri turuna qatılan və paytaxtda təsirli olan yağış sularında batdığı düşünülən 5 nəfər həyatını itirib.
Hafta.az-ın yazdığına görə, səlahiyyətlilər tura qatılanların sayının 20-yə yaxın ola biləcəyini və ölənlərin sayının artacağından ehtiyat etdiklərini bildiriblər. Məlumata görə, sonuncu cəsəd Moskva çayında, Qızıl Meydana bitişik Zaryadye parkının yaxınlığında tapılıb.
“Moskvanın sirli kanalizasiya tunelləri”nə ekskursiya avqustun 20-də bazar günü baş tutub. Müxtəlif mənbələrə görə, iştirakçıların sayı 8-20 nəfər arasında olub.
Ekskursiya davam edərkən güclü yağış səbəbindən bir çox yerlərdə suyun daşdığı və yəqin ki, səfər iştirakçılarının da tuneldə su altında qaldığı təxmin edilir.
Moskva meri Sergey Sobyanin mərhumların ailələrinə başsağlığı verib.
Prokurorluq turun təşkilatçılarına qarşı "səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq" maddəsi ilə araşdırmalara başlayıb.